Qarabağ və Şərqi Zəngəzurda gördüyümüz mənzərə adi müharibə dağıntısı sayıla bilməz"
İşğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan monitorinqlər və bərpa prosesi zamanı ortaya çıxan faktlar Qarabağ və Şərqi Zəngəzurda təkcə infrastrukturun deyil, bütöv bir mədəni, ekoloji və sosial yaddaşın hədəfə alındığını göstərir. Şəhərlərin viran qoyulması, tarixi və dini abidələrin dağıdılması, meşələrin məhv edilməsi, təbii sərvətlərin qanunsuz istismarı və ekoloji balansın pozulması son illər beynəlxalq hüquq müstəvisində “urbisid”, “ekosid” və “kultursid” anlayışları fonunda daha geniş müzakirə olunur.
Hafta.az-ın müsahibi siyasi ekspert, yazıçı-publisist Əkbər Qoşalıdır:
– İşğal dövründə Azərbaycan ərazilərində törədilən dağıntıları urbisid kimi xarakterizə etməyə hansı faktlar əsas verir?
– Qarabağ və Şərqi Zəngəzurda gördüyümüz mənzərə adi müharibə dağıntısı sayıla bilməz – öncə bunu vurğulayaq. Burada şəhər yaddaşı, yaşayış infrastrukturu, sosial məkan, insan izinin özü hədəfə alınıb; belə olunca, bəlli coğrafiyada mədəni ahəng, sosial ritm dəyişir. Ağdamın “Qafqazın Xirosiması” adlandırılması təsadüfidimi? Evlər, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları, qəbristanlıqlar – yəni şəhəri şəhər edən bütün toxumalar sistemli şəkildə silinmişdi. Bu, urbisidin – şəhərin fiziki bədəni ilə yanaşı, onun ruhunun, ictimai yaddaşının məhv edilməsinin klassik əlamətidir.
– Azad edilmiş şəhər və kəndlərdə müşahidə olunan total dağıntılar beynəlxalq ictimaiyyətdə hansı reaksiyanı doğurur?
– Gələn xarici nümayəndə heyətləri, diplomatlar, jurnalistlər həmin dağıntını görəndə çox zaman siyasi bəyanatdan öncə susqunluq yaşayır. Necə deyərlər, faktın özü, hətta susqun daş-divarlar danışır… Gəlin etiraf edək, beynəlxalq reaksiya hələ də faktların ağırlığına adekvat deyil. Dünya bəzən daşı görür, amma daşın yaddaşa çevrilmiş anlamını görmək istəmir. Azərbaycanın vəzifəsi bu susqunluğu sənəd, sübut, hüquqi iddia və mədəni diplomatiya ilə pozmaqdır.
– Bəs meşələrin qırılması və təbii sərvətlərin qanunsuz istismarı ekosid nümunəsi sayıla bilərmi?
– Bəli, bu faktlar “ekosid” anlayışı çərçivəsində ciddi müzakirə oluna bilər. Meşələrin qırılması, faydalı qazıntı yataqlarının qanunsuz istismarı, çayların çirkləndirilməsi, flora və faunanın pozulması – bunların təkcə iqtisadi zərər olmadığı bəllidir; bu, təbii dövrana müdaxilədir. Azərbaycan tərəfi bu kimi halları rəsmi şəkildə sənədləşdirib; UNEP-in 2022-ci il missiyası da konfliktə məruz qalmış ərazilərdə suyun kimyəvi çirklənməsi, meşəsizləşmə və tullantı problemlərini qeydə alıb. Əlbəttə, iş qeydə almadan o tərəfə, gerçək münasibət fazasına keçməlidir.
– Su ehtiyatlarının çirkləndirilməsi və ekoloji balansın pozulması beynəlxalq hüquqda necə qiymətləndirilir?
– Suya vurulan zərər sərhəddə dayanmır. Oxçuçay örnəyində də gördük ki, sənaye tullantıları, ağır metallar, nəzarətsiz axıdılmalar bütöv hövzənin ekoloji təhlükəsizliyinə zərbədir. Beynəlxalq hüquqda bu, transsərhəd zərər, ekoloji təhlükəsizlik və insanın sağlam ətraf mühit hüququ baxımından qiymətləndirilə bilər. Azərbaycan bu məsələni beynəlxalq təşkilatlara daşımaqla həm öz torpağını, həm də bölgənin ekoloji gələcəyini müdafiə edir.
– Sizcə, Qarabağda mədən yataqlarının qanunsuz istismarı bölgənin ekoloji təhlükəsizliyinə hansı təsirləri göstərib?
– Qanunsuz mədən istismarı torpağı zəhərləyir, suyu korlayır, relyefi korlayır, landşaftı dağıdır, insanın gələcək qayıdış mühitini riskə atır. Bu, sərvət oğurluğunu aşan bir olay – sabahkı həyat ortamının talanıdır.
Qarabağın yaralı təbiəti, artıq yalnız vicdan məsələsi olmaqla qalmayıb, beynəlxalq hüququn da mövzusuna çevrilib; Azərbaycan 2025-ci ildə Haaqadakı Daimi Arbitraj Məhkəməsində Ermənistanın meşələri, çayları və biomüxtəlifliyi hədəfə alan fəaliyyətləri ilə bağlı Bern Konvensiyası çərçivəsində hüquqi mübarizəyə başlayıb.
Bu, meşəsizləşmə, qeyri-dayanıqlı mədənçilik və hidroenerji fəaliyyəti ilə bağlı pozuntuları ehtiva edir.
– Tarixi və dini abidələrimiz də erməni vandalizminə məruz qalıb...
- Kultursidin, məsələn, yalnız binanın uçurulması olmadığını bilirik, bu, xalqın yaddaş xəritəsinin silinməsidir. Məscid, türbə, qəbiristanlıq, körpü, karvansara, qədim yaşayış izi – bunların hər biri xalqın “biz burada yaşamışıq!” məzmunlu imzasıdır. Bu imzaları pozmaq, əslində, torpağın tarixi sahiblik yaddaşını pozmaq cəhdidir.
– Azərbaycanın beynəlxalq təşkilatlara təqdim etdiyi materiallar, sizcə, hansı nəticələr verə bilər?
– Birincisi, faktların beynəlxalq yaddaşa daxil olmasına səbəb olar. İkincisi, hüquqi iddialar üçün sübut bazası yaradar. Üçüncüsü, gələcək kompensasiya, bərpa mexanizmlərinə yol aça bilər. Yəni, söhbət oğurlanmış mədəni sərvətlərimizin geri qaytarılması, dağıdılmış irsin öncəki hüquqi statusunun bərpası, qanunsuz istismar olunmuş resurslarla bağlı öncəki durumun mümkün qədər bərpasından gedir.
Dördüncüsü, erməni vandalizminin “müharibə emosiyası” olmaqdan daha da pis – sistemli siyasət olduğunu göstərər.
– UNESCO və digər beynəlxalq qurumların mövqeyi adekvatdırmı?
– Təəssüf ki, yox. UNESCO 2020-ci ildən bölgəyə missiya göndərmək təşəbbüsünü açıqlayıb, lakin illərlə bu proses gerçək bir nəticəyə çevrilmədi. Azərbaycanlıların dağıdılmış mədəni irsinə münasibətdə beynəlxalq institutların səsi çox vaxt zəif, gecikmiş və gərəksiz səviyyədə ehtiyatlı olub. Halbuki mədəni irsə münasibətdə ikili standart özü də mədəni ədalətsizlikdir.
– Sizcə, Azərbaycan hüquqi mexanizmlərdən necə istifadə edə bilər?
– Burada üç istiqamət əsasdır: beynəlxalq məhkəmələr, arbitraj prosedurları və ixtisaslaşmış konvensiya mexanizmləri. Azərbaycan artıq BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) və digər beynəlxalq hüquqi platformlarda iddialar irəli sürüb; bu xətt davam etdirilməli, hər dağıdılmış kənd, hər məhv edilmiş abidə, hər çirkləndirilmiş çay ayrıca sübut vahidi kimi sənədləşdirilməlidir.
– Qarabağda ekoloji terror iddiaları ayrıca məsuliyyət yarada bilərmi?
– Əgər zərərin sistemli, məqsədli, uzunmüddətli və genişmiqyaslı olduğu sübuta yetirilirsə – sadalananlar, əlbəttə, faktlara söykənir – bu, ayrıca məsuliyyət gündəliyi yarada bilər. “Ekoloji terror” siyasi-hüquqi termin kimi ehtiyatla işlədilməlidir, amma Qarabağda təbiətə qarşı törədilənlərin mahiyyəti bu ifadənin niyə gündəmə gəldiyini çox aydın göstərir.
– Bərpa üçün hansı addımlar atılır?
– Mina təmizlənməsi, şəhərlərin yenidənqurulması, “ağıllı kənd” və “ağıllı şəhər” modelləri, meşəbərpa, su və enerji infrastrukturunun yenilənməsi, abidələrin inventarlaşdırılması, bərpası əsas istiqamətlərdir. Bu gün Qarabağda yaşamın ekoloji, mədəni və mənəvi mühiti yenidən qurulur.